DÜNYA
Tbilisidə qəribə aksiya keçirilib
![Tbilisidə qəribə aksiya keçirilib](/files/2019/2/1200x630/15577026186063420713_1200x630.jpg)
Tbilisi, 13 may, AZƏRTAC
Mayın 12-də Tbilisidə yerləşən Gürcüstan parlamentinin binası önündə qəribə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları parlamentin binası önündə ölkənin daxili işlər naziri Qeorqi Qaxariyanın büstünü qoyublar. Büstün üzərinə quraşdırılmış düyməni basdıqda “nazir” vətəndaşlardan üzr istəyir.
Fəal vətəndaşlar qrupunun təşkil etdiyi performans-aksiya bir il əvvəl Tbilisidəki gecə klublarında keçirilən əməliyyatlarla bağlı nazirin verdiyi vədə əməl etməməsi ilə bağlıdır. Həmin vaxt minlərlə insan aksiya keçirərək polisin gecə klublarında yoxlamalar keçirməsinə etirazlarını bildirib, ölkədə marixuanadan azad şəkildə istifadəni nəzərdə tutan qanunun tez bir zamanda qəbulunu, vətəndaşları döyən polislərin cəzalandırılmasını tələb etmişdilər.
Aksiyanın təşkilatçılarından biri olan Aleksandr Cavaxişvili jurnalistlərə deyib ki, 2018-ci il mayın 13-də axşam nazir Q.Qaxariya parlamentin qarşısındakı aksiya iştirakçılarına yaxınlaşaraq baş verənlərə görə onlardan üzr istəyib.
Nazir hökumətin marixuanadan istifadə ilə əlaqədar daha liberal qanun qəbul edəcəyinə çalışacağını və gecə klublarında aparılan reydlər zamanı gənclərə zor tətbiq etmiş polislərlə bağlı şəxsən tədbir görəcəyini vəd etmişdi.
“Nazir bu günə qədər vədlərinə əməl etməyib”, - deyə Cavaxişvili vurğulayıb.
Aksiya iştirakçıları şəhərin müxtəlif küçə və prospektlərində divarlara “Üzr istəməyə başlayırıq!”, “Azadlıq yoxdur!”, “Oliqarxa güc və hüquq!” şüarları yazılmış plakatlar yapışdırıblar.
Aksiya bu gün də davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi