Tədqiqatçı-alim: Azərbaycanın fitososiologiyası kənd təsərrüfatı planlaşdırılmasında strateji əhəmiyyət daşıyır
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan florasının fitososioloji baxımdan öyrənilməsi kənd təsərrüfatı və torpaqdan istifadə planlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Bitki birliklərinin tərkibi və quruluşuna baxılmaqla, hansı ərazilərin otlaq kimi davamlı istifadə oluna biləcəyi, hansı torpaqların bərpaya ehtiyacı olduğu və hansı sahələrin meşə salınması üçün daha uyğun olduğu müəyyən edilə bilər. Eyni zamanda, nadir və relikt fitosenozların yerləşdiyi ərazilər qorunan zonalar kimi prioritetləşdirilə bilər ki, bu da biomüxtəlifliyin qorunmasına xidmət edir.
Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, professor Elşad Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, müasir mərhələdə fitososioloji tədqiqatlar klassik sahə müşahidələri ilə yanaşı, peyk təsvirləri və coğrafi informasiya sistemləri ilə dəstəklənir. Bu yanaşma bitki örtüyünün sahə üzrə yayılmasını, dəyişmə dinamikasını və antropogen təsirin miqyasını daha dəqiq göstərməyə imkan verir.
Professor Qurbanov vurğulayıb ki, fitososioloji quruluşun öyrənilməsi artıq yalnız botanika sahəsinin problemi deyil, ekoloji planlaşdırma, torpaq idarəçiliyi və regional inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilib. “Azərbaycanın flora və bitki örtüyünün fitososioloji quruluşunun tədqiqi milli təbii sərvətlərin qorunması baxımından strateji əhəmiyyətə malikdir. Hər bir fitosenoz təkcə bitkilərin toplusu deyil, min illər ərzində formalaşmış mürəkkəb bir sistemdir və onun dağılması bərpası çətin olan itkilərə səbəb ola bilər. Buna görə də bitki birliklərinin düzgün tanınması, təsnif edilməsi və davamlı monitorinqi ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu istiqamətdə aparılan elmi tədqiqatlar yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün sağlam təbii mühitin qorunmasına xidmət edən əsaslı elmi baza yaradır”, – deyə alim bildirib.