“TƏHLÜKƏSİZLİK NAMİNƏ ELM” NATO-NUNYENİ PROQRAMIDIR
- Mülki elmin dəstəklənməsinə dair NATO-nun yeni konsepsiyası Şimali Atlantika Şurası tərəfindən qəbul olunmuşdur. Bundan məqsəd nədir?
- 2001-ci ilin sentyabr hadisələri və dövlətlərin terrorizmə qarşı mübarizəyə yeni diqqəti NATO-ya və onun proqramlarına əhəmiyyətli dərəcədə təsir etmişdir. Bütün səviyyələrdə aparılmış geniş müzakirələrin nəticəsi kimi, NATO-nun elm proqramının NATO-nun yeni missiyalarına müvafiq olan təhlükəsizlik məsələlərinə uyğunlaşdırılması ehtiyacı aydın görünürdü. NATO Şurası tərəfindən Elm Komitəsi üçün yeni təlimat və rəhbər prinsiplər 2003-cü il oktyabrın 17-də qəbul olundu. “Təhlükəsizlik naminə elm” proqramı kollaborativ mülki elmin imkanları ilə töhfə və yardımları təhlükəsizliyin gücləndirilməsinə yönəltməkdə, dövlətlər tərəfindən verilmiş mandatı cavablandırmaq məqsədi ilə yaradılmışdır.
- Yeni proqramda üstünlük verilən elmi tədqiqat mövzuları “Terrorizmə qarşı müdafiə” və “Təhlükəsizliyə qarşı digər hədələrin aradan qaldırılması” deyilmi?
- Bəli. Terrorizmə qarşı müdafiə adlanan birinci kateqoriya son illər ərzində meydana çıxan cari təhdidlərə qarşı yönəlmişdir. Təsnif olunmamış mülki elm bugünkü dünyada dövlətlərin üzləşdiyi təhlükəsizlik problemlərinin bu istiqamətinə dəyərli töhfə verə bilər. Amma, etiraf etməliyik ki, bundan başqa, qarşısını almalı olduğumuz digər orta və uzunmüddətli təhdidlər də vardır. Potensial ciddi fəsadlar doğura bilən genişmiqyaslı problemləri aradan qaldırmaq istəyiriksə, bu təhdidləri əvvəlcədən görməli və səmərəli tədbirlər hazırlamalıyıq. Bununla belə, üçüncü kateqoriya elmi tədqiqat mövzuları vardır ki, tərəfdaş dövlətlər onlar üçün prioritet təşkil edən tədqiqat mövzusunu müəyyənləşdirmək üçün dəvət olunurlar.
- Azərbaycan tərəfdaş dövlət kimi, öz prioritetlərinin siyahısını təqdim etmişdirmi? Əgər etmişsə, bu mövzular hansılardır?
- Azərbaycanın NATO-nun Elm Komitəsindəki nümayəndəsi tərəfindən elmi tədqiqat təkliflərinin rəğbətlə qarşılandığı, prioritet kəsb edən mövzuların siyahısı təqdim edilmişdir. Buraya Xəzər dənizinin ekosisteminin dinamikası, neft və qaz kəmərlərinin təhlükəsizliyi, informasiya və kommunikasiya infrastrukturu və biomüxtəliflik mövzuları daxildir.
- NATO-nun bu proqramının mahiyyəti nədən ibarətdir? Konkret olaraq nə kimi işlər görülür?
- Bu, birinci və ən başlıca kollaborativ proqram və siyasi vasitədir. Vacib təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq etmək üçün proqram vasitəsilə NATO-ya üzv, tərəfdaş ölkələrin və Aralıq dənizi ölkələrindən 53 elmi tədqiqatçıya qrantlar verilir. Maliyyənin çox hissəsi yol və yaşama xərclərinə sərf olunur ki, tədqiqatçılar elmi konfranslarda görüşə və kollaborativ tədqiqat aparmaq məqsədi ilə həmkarlarının laboratoriyalarına səfər edə bilsinlər. Eyni zamanda, texnologiyanı təhlükəsizlik problemlərinə tətbiq etmək üçün uzunmüddətli layihələr də vardır. Bundan əlavə, NATO-ya tərəfdaş olan dövlətlərlə məsləhətləşmələr apararaq, onların prioritet hesab etdikləri mövzuları müəyyənləşdiririk.
- “Terrorizmə qarşı müdafiə” çərçivəsində təhlükəsizliklə əlaqədar prioritet elmi tədqiqat mövzuları hansılardır?
- Nümunələr çoxdur. Terrorist hücumlarında istifadə olunan genişsəpkili material və maddələrin təkmil şəkildə müəyyən olunmasına yönələn texnologiyalar maraq kəsb edən mövzulardan biridir. Buraya kimyəvi və radioloji maddələr və adi partlayıcıların müəyyən edilməsi və bioloji hərbi təyinatlı maddələrin doğurduğu effektlərin çevik diaqnostikası daxildir. Bu qəbildən olan silah və maddələrə qarşı müdafiə tədbirləri elmi tədqiqat mövzularının digər kateqoriyasını təşkil edir. Eyni zamanda, informasiya sistemlərinə qarşı hücumların qarşısının alınması üzrə texnologiyalar maraq göstərdiyimiz sahələrdən biridir. Prioritet təşkil edən mövzular haqqında daha ətraflı məlumat www.nato.int/science İnternet saytımızdan əldə edilə bilər.
- Ətraf mühitin təhlükəsizliyi, antropogen və ictimai dinamika, su ehtiyatlarının menecmenti NATO tərəfindən cavablandırıla biləcək təhlükəsizlik mövzuları kimi qəbul olunurmu?
- Təhlükəsizliyi ənənəvi hərbi və ya hətta siyasi baxışlardan daha geniş məfhum kimi görürük. Biz sürətli və ekstensiv şəkildə qloballaşmaya məruz qalan və daha artıq dərəcədə qarşılıqlı asılılıq səviyyəsinə çatan dünyada yaşayırıq. Belə öyrəşmişdik ki, regional problemlərin regiondan xaricə az təsiri vardır. İndi bu, doğru deyildir. Bu gün bir regionda baş verən problemlər planetin başqa bir tərəfində yerləşən ölkələrə təsir edə bilər və edir. Birləşmiş Ştatlara qarşı terror hücumları Əfqanıstanda mövcud olan vəziyyətlə əlaqədar idi. Digərləri ilə yanaşı, əhali arasında qeyri-sabitliyə yol açan və kütləvi mühacirətə səbəb olan su çatışmazlığı, məhsuldarlığın itkisi və mal-qaranın xəstəliyi, səhralaşma kimi digər problemlər də mövcuddur.
- Azərbaycanın da cəlb olunduğu NATO-nun əməkdaşlıq proqramları haqqında məlumat verə bilərsinizmi?
- Əlbəttə. Azərbaycandan olan alimlər çoxlu sayda elmi tədqiqat proqramlarına cəlb olunmuşlar. Bunların sırasına yararsız raket yanacağının doğurduğu risklərin qiymətləndirilməsi və konversiya metodları, palçıq vulkanları fəlakətlərinin proqnozlaşdırılması, Qafqazın böyük şəhərlərində seysmik risk, terrorizm və nüvə təhlükəsizliyi, şəhərlərdə davamlı yeraltı sular sisteminin inkişafı və Cənubi Qafqazda suların menecmenti daxildir. Xüsusilə, NATO-nun Azərbaycanda kompüter-şəbəkələşmə prosesinə verdiyi töhfəni qeyd etmək istərdim. Peyk vasitəsilə “Virtual İpək yolu” layihəsi və digər tədbirlərlə Azərbaycanın elmi ictimaiyyətinin İnternet imkanları əhəmiyyətli dərəcədə artmışdır. Bu, tədqiqatçılar üçün son dərəcə əhəmiyyətlidir və NATO-nun tərəfdaş dövlətdə, o cümlədən Azərbaycanda elmi inkişafına necə töhfə verdiyinin bariz nümunəsidir.
- Dəyişən və genişlənən NATO-da “Təhlükəsizlik naminə elm” proqramının gələcəyi nələrdən ibarətdir?
- Çox doğrudur ki, NATO dəyişir. “Təhlükəsizlik naminə elm” proqramı bu dəyişikliyin bir hissəsidir və alyansın öz fəaliyyətinin meydana çıxan ehtiyaclara və dəyişən missiyalara uyğunlaşdırılmasına dair öhdəliyini nümayiş etdirir. Müvafiq və səmərəli qalması üçün NATO-nun çoxsaylı fəaliyyətinin hər bir elementi dəyişikliklərə uyğunlaşdırılmalıdır.