TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA MÜŞAVİRƏSİ
Avqustun 18-də Azərbaycan Dövlət İqtisad Universitetində təhsil işçilərinin Respublika müşavirəsi keçirilmişdir.
Təhsil işçilərinin və Bakı şəhəri rayonlarının icra hakimiyyəti başçılarının iştirak etdikləri müşavirəni təhsil naziri Misir Mərdanov açaraq, Azərbaycanda təhsil sahəsində beynəlxalq standartlara uyğun aparılan əsaslı islahatlardan danışdı, milli təhsil quruculuğu strategiyasının hazırlanması və həyata keçirilməsində, ölkəmizdə elmin, mədəniyyətin inkişafında respublikamızın Prezidenti Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladı.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, BDU-nun filologiya fakültəsinin dekanı, Milli Məclisin deputatı Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ələkbər Quliyev, Bakının Nizami rayonundakı “Zəngi” litseyinin direktoru Bayram Heydərov, Binəqədi rayonu təhsil şöbəsinin müdiri Həqiqə Məmmədova, Əzizbəyov rayonu təhsil şöbəsinin müdiri İlham Məmmədov müşavirədə çıxış etdilər.
Azərbaycan Prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış etdi.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.
Prezidentin icra aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə müşavirədə iştirak edirdi.
/Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır/.