ELM VƏ TƏHSİL
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi qaliblərinin adları açıqlanıb
Bakı, 19 iyun, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumtəhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumtəhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumtəhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır.
Xatırladaq ki, müsabiqə üzrə layihə təklifləri martın 2-dən aprelin 18-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər iyunun 29-u saat 18:00-dək [email protected] elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Müsabiqə qalibi olan layihələr barədə ətraflı məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş müvafiq linklər vasitəsilə almaq olar.