Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb
Bakı, 4 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iyul ayı üzrə 257 müraciətin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 121, Ukraynadan 50, Türkiyədən 46, Böyük Britaniyadan 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciət olunub.
Tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfərin müraciəti qeydə alınıb.
İyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti isə 14 gün təşkil edib.