Tələbə: Hər bir gənc seçkilərdə, ümumiyyətlə, cəmiyyətimiz üçün önəmli proseslərdə fəal olmalıdır
Quba, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC
Seçkilərdə ilk dəfə iştirak edəcəyəm. Adımın seçici siyahısında olmasını yoxlamışam. Prezidentliyə namizədlər haqqında da məlumatlıyam. Ölkəmizin gələcəyi ilə bağlı qərarların verilməsində yetkin bir vətəndaş kimi səsimin əhəmiyyətli olması mənə qürurverici hisslər yaşadır. Hər bir gənc seçkilərdə, ümumiyyətlə, cəmiyyətimiz üçün önəmli proseslərdə fəal olmalıdır. Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində hamını məntəqələrə gedib səsvermə hüququndan istifadə etməyə çağırıram.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının II kurs tələbəsi Mənzər Heybətova söyləyib.
“Quba rayonunun Çartəpə kəndində yaşayıram. Bizim seçki məntəqəmiz də burada yerləşir. Valideynlərim həmişə prezident, parlament, bələdiyyə seçkilərində və ümumxalq səsverməsində (referendumda) fəal iştirak ediblər. Mən də onlardan nümunə götürmüşəm. Müasir dövrdə gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Mən əminəm ki, gənclər qarşıdakı seçkilərdə də aktivlik nümayiş etdirəcəklər”, - deyə Mənzər Heybətova bildirib.