ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası /TQDK/ 2001-ci il iyulun 28-də, avqustun 2-də və 5-də respublikanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında bütün qruplar üzrə istifadə olunmuş test tapşırıqlarını və onların düzgün cavablarını “Abituriyent” jurnalının xüsusi buraxılışında çap etmişdir. Həmin informasiya TQDK-nın İnternet saytında verilmişdir: www.tqdk-az.org
Düzgün cavablar avqustun 6-da imtahan testlərinin TQDK tərəfindən təşkil olunmuş ekspertizası prosesində müstəqil ekspertlər tərəfindən təsdiq edilmişdir.
Bu jurnalın köməyi ilə abituriyentlər nəticələr bilinənə qədər özlərinin doğru və səhv cavablarını öyrənib, topladıqları balları hesablaya bilərlər.
Xüsusi buraxılışda imtahan fənləri, onları altqrupları üzrə çəki əmsalları, imtahan ballarının hesablanması qaydası, həmçinin müsabiqə şərtləri haqqında məlumatlar da bir daha abituriyentlərin nəzərinə çatdırılır.
Orta məktəb şagirdləri, gələcək abituriyentlər növbəti tədris ili üçün ali məktəbə mükəmməl hazırlaşmaq üçün bu test kitabçasından elmi-metodiki və məşq materialı kimi istifadə edə biləcəklər.
İmtahanların nəticələri avqustun 17-dən sonra elan olunacaqdır. Nəticələr elan olunduqdan sonra, təhsil formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent lazımi sənədləri 10 gün müddətində yerləşdirildiyi təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir, əks halda, o, ali məktəbə qəbul olunmur. Qəbul olunmayan abituriyentlər öz imtahanlarının nəticələri barədə arayışları bilavasitə sənəd verdikləri komissiyalardan ala bilərlər.