“TƏMİZ HAVA” AYLIĞINA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, yaradılmış qərargah nəzdində xüsusi komissiya Sumqayıtın on iri avtotəsərrüfatında monitorinq aparmışdır. Məlum olmuşdur ki, avtomaşınların 30 faizindən çoxu texniki cəhətdən nasazdır və atmosferi çirkləndirir. Pozuntulara yol verilmiş təsərrüfatların rəhbərləri inzibati məsuliyyətə cəlb edilmişlər.
Sumqayıtda 17 minə yaxın maşın qeydiyyata alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional şöbəsinin məlumatına görə, təkcə birinci yarımildə atmosferə 6625 ton zərərli qaz buraxılmışdır ki, bu da havaya qarışan zərərli maddələrin 26,2 faizini təşkil edir.
Şəhərin əsas magistral, prospekt və küçələrində texniki reydlər təşkil olunmuşdur. Qaz analizatorlarının vasitəsilə 659 minik avtomobilinə baxış keçirilmiş, 307 maşının atmosferə normadan artıq zəhərli qaz buraxdığı aşkar edilmişdir. Bu nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib edilmiş və onlar inzibati məsuliyyətə cəlb olunmuşlar. 2702 manat cərimə ödəmiş nəqliyyatçıların sürücülük vəsiqəsi avtomobillərin texniki nasazlığı aradan qaldırıldıqdan sonra qaytarılacaqdır.