Tərtərdə keçirilən “Xəmsə” Milli İntellektual oyununda 16 komanda mübarizə aparıb
Tərtər, 10 mart, AZƏRTAC
Tərtər şəhərindəki Gənclər Mərkəzində “Heydər Əliyev İli” münasibətilə “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun 16 pilot məktəbinin şagirdlərinin iştirak etdiyi turnirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, bütövlükdə müasir Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın yekun nəticələrinə əsasən, Umudlu kənd tam orta məktəbin “Volunteers” komandası birinci, Səhləbad kənd tam orta məktəbin “Zəfər” komandası ikinci, Tərtər şəhər 2 saylı məktəb-liseyin “Gənclər” komandası və Seydimli kənd tam orta məktəbin “Fatehlər” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar müvafiq diplomlarla təltif edilib.