Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
Mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə təlimi Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təlim iştirakçılarına mina təhlükəsindən qorunmağın yolları və təhlükəsiz davranış qaydaları haqqında məlumat verilib. Müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş şəxslər iki qrup üzrə təlimə cəlb ediliblər.
Növbəti təlim iyunun 3-də Ağdam rayonunda keçiriləcək. Təlim iştirakçıları risklər və təhlükəsiz davranış qaydaları haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibədən qalan partlayıcılar və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və partlamamış sursatlardan qorunmaq qaydaları öyrədiləcək.