Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı təşkil olunub. İkinci ildir ki, Qala Qoruğunda keçirilən tədbirə ziyarətçilər böyük maraq göstərir və festival hər il daha çox insanı cəlb edir.
Bunu AZƏRTAC-a açıqlamasında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin köməkçisi Turan Həsənova deyib. O, festivalda qoruğun sakinlərinin də fəal iştirak etdiyini deyib: "Onlar öz əlləri ilə hazırladıqları mürəbbələri, şirniyyatları və bağlarından topladıqları əncirləri qonaqlara təqdim edirlər. Eyni zamanda, burada “EkoSfera” Ekoloji Sosial Mərkəzi İctimai Birliyinin dəstəyi ilə əncirdən hazırlanan müxtəlif məhsullar üzrə ustad dərsləri keçirilir, əncirlə qəhvə dənələri vasitəsilə fal baxılması kimi maraqlı fəaliyyətlər təşkil olunur".
O qeyd edib ki, festival çərçivəsində, həmçinin Mərdəkan Mədəniyyət Evinin kukla tamaşası nümayiş etdirilib, musiqili proqramlar təqdim olunub.