“Turizm haqqında” yeni qanun layihəsi hazırlanmışdır
Bakı, 9 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda turizm sahəsində yaranmış ictimai münasibətlərin kompleks şəklində tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və ölkənin turizm bazarının dünyaya inteqrasiyasının təmin edilməsi məqsədi ilə yeni qanun layihəsi hazırlanmışdır.
Yeni qanun layihəsinin tənzimləmə mövzusunu turizm sahəsində yaranmış ictimai münasibətlər təşkil edir. Bu ictimai münasibətlər yeni qanun layihəsində fəsillərə bölünərək təsnifatlaşdırılmışdır.
“Turizm haqqında” yeni qanun bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Avropa standartları arasında olan fərqlərin aradan qaldırılmasına yardım edəcək, Dünya Turizm Təşkilatının qərar və tövsiyələrinin ölkəmizdə tətbiqini və respublikamızın qanunvericiliyinə implementasiya edilməsini sürətləndirəcəkdir. Turistlərin təhlükəsizliyi yeni qanunla daha yüksək səviyyədə, müasir üsul və metodlarla təmin ediləcəkdir.
Yeni qanunun qəbulu, həmçinin Azərbaycanın informasiya təhlükəsizliyi üçün onun turizm ehtiyatları, mədəniyyəti və tarixi barədə yanlış məlumatların verilməsindən yaranan təhdidləri aradan qaldıracaqdır. Bu qanun qəbul edildikdən sonra turizm sahəsində xidmətlərin keyfiyyəti yüksələcək, onun infrastrukturu təkmilləşəcək, turizm infrastrukturuna investisiya qoymaq imkanları artacaq və turizm sənayesi inkişaf edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsində beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış yeni qanun layihəsi artıq ictimaiyyətin müzakirəsinə verilmişdir.