TURİZM İNSTİTUTU İLK TƏLƏBƏLƏRİNİQƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də bu münasibətlə keçirilən tədbirdə institutun rektoru Cəfər Cəfərov tələbələri təbrik edərək, turizmin inkişafı üçün hər cür şəraitin olduğu ölkəmizdə, ixtisaslı kadrların yetişdirilməsində təhsil ocağının üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çarpdırmışdır. Bildirmişdir ki, ali məktəb ölkəmizdə turizm sənayesinin bütün sahələri üzrə peşəkar kadrların hazırlanmasına xidmət göstərəcəkdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev institutda təhsil alacaq gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edərək, onların respublikamızda turizm infrastrukturunun yaradılmasında böyük rol oynayacaqlarına ümidvar olduğunu vurğulamışdır. Nazir institutun açılamasının Prezident İlham Əliyevin turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olduğunu qeyd etmişdir.
Nazir məlumat vermişdir ki, tələbələr Avstriyanın Krems şəhərinin Tətbiqi Elmlər Universitetinin tədris proqramına uyğun təhsil alacaqlar. Gələcəkdə onlar turizm sahəsində dünyanın istənilən yerində işlə təmin oluna biləcəklər.
İnstituta yüksək balla qəbul olunmuş gənclərə tələbə biletləri verilmişdir.
Qeyd edək ki, ali məktəbin birinci kursuna 200 gənc qəbul olunmuşdur. Tələbələr peşəkar müəllimlər tərəfindən “Sosial mədəni sahədə servis xidməti”, “Turizmin menecmenti” və “Turizm sahəsində marketinq” ixtisasları üzrə elmi biliklərə yiyələnməklə yanaşı, xarici dil və müasir texnologiyalar sahəsində də bilik alacaqlar.