Turizm sahəsindən bəhs edən dörd kitabın təqdimatı olmuşdur
Bakı, 3 mart (AZƏRTAC). Azərbaycanda turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat boşluğunu doldurmaq üçün son zamanlar bu sahədə çalışan peşəkar mütəxəssislər tərəfindən bir sıra kitablar çap edilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 3-də turizm sahəsindən bəhs edən son bir ildə çap edilmiş dörd kitabın təqdimatı olmuşdur.
Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov çap edilmiş “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”, “Beynəlxalq turizm hüququ”, “Turizm sektorunda çalışanlar üçün məlumat kitabçası” və “Turizmin davamlı inkişafı yerli planlaşdırma üzrə mütəxəssislər üçün vəsait” kitablarının bu sahədə çalışanlar üçün faydalı vəsait olacağını söyləmişdir.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş bu kitabların hər biri turizm sahəsini dərindən bilən mütəxəssislər tərəfindən hazırlanmışdır.
Qeyd edilmişdir ki, Sabir Rəhimovun müəllifi olduğu və “Mədəniyyət” qəzetinin layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap edilmiş “Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti”ində 3 mindən artıq termin və anlayışın izahı verilmişdir.
Əmir Əliyev və Elnur Aslanovun müəllifliyi ilə çap edilmiş “Beynəlxalq turizm hüququ” kitabı isə Təhsil Nazirliyinin əmri ilə dərslik kimi təsdiq olunmuşdur.
Tədbirdə çıxış edənlər son illər ölkəmizdə turizmin inkişafı naminə görülmüş işlərdən danışmış və turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrlərin çap edilməsini yüksək qiymətləndirmişlər.