TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİ VII İCLASININ İŞTİRAKÇILARI QOBUSTANDA OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin VII iclasının iştirakçıları mayın 1-də Qobustan Dövlət Tarixi- Bədii Qoruğunda olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, Bakıdan 65 kilometr aralıda yerləşən bu qoruqda qədim dövrlərə aid qayaaltı sığınacaqlar, kurqanlar və qayaüstü təsvirlər aşkar olunmuşdur. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl 8-ci minilliyə aiddir.
Bildirilmişdir ki, Qobustanda 100 mindən artıq arxeoloji materiallar tapılmışdır. Buradakı Qavaldaş daş dövründə yaşamış qədim insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma Legionunun burada olduğunu göstərir.
Məlumat verilmişdir ki, Qobustan qoruğu dünya əhəmiyyətli tarixi abidədir və 2007-ci ildə YUNESKO-nun Mədəni İrs siyahsına daxil edilmişdir.
Qayaüstü təsvirlərə heyran qalan qonaqlar Qobustandan zəngin təəssüratla ayrılmışlar.