TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARANMASININ 83-CÜ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
Türk dünyası işlətmə fakültəsinin təşkil etdiyi tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra fakültənin dekanı Ramazan Taşdurmaz, müavini Natiq Qurbanov, Türkiyənin ölkəmizdəki səfirinin müşaviri Bünyamin Özgür türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən, dövlət quruculuğu sahəsindəki xidmətindən, iki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında mədəniyyət, iqtisadiyyat, təhsil sahələrindəki səmərəli əməkdaşlıqdan, gənclərin yüksək təhsilə yiyələnərək dövlətlərimizin daha da inkişafı yolunda öz səy və bacarıqlarını səfərbər etməsinin vacibliyindən, çətinliklə qazanılmış müstəqilliyin qorunub saxlanılmasının əhəmiyyətindən danışmışlar.
Sonra Şəmistan Əlizamanlı qəhrəmanlıq ruhunda yazılmış “Azərbaycan-Türkiyə”, “Can Azərbaycan”, “Heyran türkün bayrağına”, “Tanrı türkə yar olsun”, “Nuru Paşa marşı”, “Çırpınırdı Qara dəniz” mahnılarını ifa etmişdir.
Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) yaratdığı Atatürk liseyinin folklor qrupunun ifasında türk xalq oyunları da tələbələrin ürəyincə olmuşdur.