TÜRKİYƏ ENERJİ DAŞIYICILARI BAZARINI FƏTH ETMƏK NİYYƏTİNDƏDİR
Nəşrin yazdığına görə, ötən həftə Vyanada Avropa İttifaqının üç üzvünün - Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə görüşən Türkiyənin xarici işlər naziri Abdullah Gül Ankaranın bu planını açıqlamışdır. Görüşdə bildirilmişdir ki, Türkiyə ilə Avropa İttifaqının yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq enerji layihələrinin gerçəkləşdirilməsi sayəsində Avropa enerji ehtiyaclarını xeyli dərəcədə təmin etmək imkanı qazanacaqdır.
Qəzet yazır ki, Avropa İttifaqı enerji daşıyıcılarının nəqli ilə bağlı 4 marşrutun Türkiyə ərazisindən keçməsinə tərəfdardır. Brüssel Türkiyənin neft və qaz tranziti magistrallarının qovuşuğunda yerləşdiyini nəzərə alaraq hesab edir ki, bu ölkə coğrafi mövqeyinə görə Avropanın enerji dəhlizinə çevrilə bilər.
Ankaranın enerji strategiyasının həyata keçirilməsi Türkiyənin Avropaya yaxınlaşmasına imkan yaradacaq və Ankaranın Avropa İttifaqına tamhüquqlu üzv kimi daxil olmasına dair danışıqlar prosesini sürətləndirəcəkdir.
Avropaya enerji daşıyıcıları Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Misir və İraqdan nəql olunacaqdır. Təbii qaz 6, neft isə 3 magistral xətt vasitəsilə ixrac ediləcəkdir.
Ekspertlərin proqnozlarına görə, 10 il ərzində enerji daşıyıcıları ixracının həcmi 7-8 faizədək artacaqdır. Mütəxəssislər hesab edirlər ki, bu şəraitdə Türkiyə ilə Rusiyanın Avropa ölkələrinin enerji ehtiyacının ödənilməsində rolunu nəzərə alaraq, onlar arasında əməkdaşlığı fəallaşdırmaq lazımdır.
Strategiyanin gerçəkləşdirilməsi çərçivəsində Türkiyə tərəfi ölkəyə xaricdən gələn neft və qaz kəmərlərinin əksəriyyətini birləşdirməyi və Aralıq dənizindəki Ceyhan limanını beynəlxalq enerji terminalına çevirməyi nəzərdə tutmuşdur. Bu liman vasitəsilə hər il 200 milyon tona yaxın neft ötürüləcəkdir.
Ceyhanın “Türkiyə Rotterdamı”na, - Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər bu limanı məhz belə adlandırır, - çevrilməsi layihəsi 10 milyard dollar məbləğində qiymətləndirilir. Limana Samsun-Ceyhan neft kəmərini çəkmək planlaşdırılmışdır. Bu kəmər İraqdan Türkiyəyə gələn iki neft kəmərini və transqafqaz Bakı-Tbilisi-Ceyhan magistralını tamamlayacaqdır.