DÜNYA
Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir çox bölgələrdə fəsadlar yaradıb
İstanbul, 27 yanvar, AZƏRTAC
Artıq bir neçə gündür Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir çox bölgələrdə fəsadlar yaradıb.
AZƏRTAC xəbər verir ki, ölkənin İzmir vilayətində gecə saatlarından təsirini göstərən leysan yağışları səbəbindən bəzi yollarda irimiqyaslı gölməçələr yaranıb ki, bu da avtomobillərin və piyadaların hərəkətində böyük çətinliklərə səbəb olur. Şəhərdə əsən güclü külək ağacları aşırıb. Bir neçə avtomobil ağacların altında qalıb.
Ölkənin Dənizli vilayətində əsən güclü külək evlərin damlarını uçurub. Uçan dam örtükləri avtomobillərin üstünə düşüb. Şəhərin bəzi bölgələrində elektrik və telefon xətləri sıradan çıxıb.
Analoji vəziyyət Manisa vilayətində də müşahidə edilib. Elektrik dirəklərinin sıradan çıxması səbəbindən şəhərin böyük bir hissəsi qaranlığa bürünüb. Şəhərdə əsən güclü külək bəzi ev və iş yerlərinin dam örtüklərinin sökülməsi ilə nəticələnib. Yollarda ağaclar aşıb.
Bənzər vəziyyət ölkənin başqa bölgələrində də müşahidə edilib. Əlverişsiz hava şəraiti səbəbindən İstanbul, İzmir və Bursada bəzi gəmi səfərləri təxirə salınıb.
Türkiyənin Hidrometeorologiya Baş İdarəsi tərəfindən yanvarın 27-dən etibarən Türkiyə ərazisinin böyük hissəsində hava şəraitinin yenidən kəskin pisləşəcəyi, güclü külək əsəcəyi və qar yağacağı ilə bağlı xəbərdarlıq edilib. Mütəxəssislər İstanbulda da güclü qar yağacağını proqnozlaşdırırlar.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul