Türkiyə KİV-ləri Baş nazir Binəli Yıldırımın Naxçıvana səfərini geniş işıqlandırıb
İstanbul, 21 dekabr, AZƏRTAC
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfəri qardaş ölkə KİV-ləri tərəfindən diqqətlə izlənilib və geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən yüksək qonaqpərvərliklə qarşılanması, hökumət başçısının ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsi önünə əklil qoyması, Baş nazirin Ali Məclisin Sədri ilə görüşü və yola salınması barədə ətraflı məlumatlar yayıb. Bu informasiyalar Anadolu Agentliyinin saytında, “Milliyyət”, “Sabah” və digər qəzetlərin manşetlərində, telekanalların xəbər buraxılışlarında yer alıb.
Qeyd edək ki, Türkiyə tarixin bütün dövrlərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana xüsusi diqqətlə yanaşıb. Türkiyə Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olması barədə qəbul etdiyi müvafiq qərar artıq qüvvəyə minib. Bu qərar ticarət əlaqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfədir. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödənmədən ixrac ediləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul