Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qərəzlilikdə və tarixi faktları təhrif etməkdə ittiham edib
Ankara, 10 sentyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Avropa Parlamentinin (AP) Kiprin cənubunda Türkiyə Silahlı Qüvvələrinin adadakı missiyasının mahiyyətini təhrif edən abidənin ucaldılması üçün Avropa İttifaqı qurumlarına maliyyə vəsaiti ayırmağı tövsiyə edən mövqeyini qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin müdafiə qurumu AP-nin mövqeyini “qərəzlilik nümayişi” və “tarixi reallıqlara məhəl qoymama” kimi qiymətləndirib.
“1974-cü ildə Kipr türklərini sistematik hücumlardan və kütləvi qətllərdən xilas edərək adaya sülh və əmin-amanlıq gətirən Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün qorunması məqsədilə keçirdiyi əməliyyatla bağlı əsassız ittihamları qətiyyətlə rədd edirik. Türkiyənin qəhrəman Silahlı Qüvvələrinə qarşı istənilən hücum əsla yolverilməzdir”, - deyə nazirliyin bəyanatında bildirilib.
Ankarada vurğulanıb ki, Avropa İttifaqının və onun institutlarının 1963-1974-cü illərdə Kiprdə baş vermiş qanlı hadisələrə, o cümlədən Kipr türklərinə qarşı sistematik hücumlara və EOKA terror təşkilatı tərəfdarlarının qeyri-insani əməllərinə məhəl qoymaması Kipr probleminin həllinə heç də xidmət etmir.
“Üçüncü tərəfləri Kiprlə bağlı ədalətli və qərəzsiz mövqe tutmağa, birtərəflilikdən imtina etməyə və tarixi faktları nəzərə almağa çağırırıq”, - deyə Müdafiə Nazirliyində qeyd edilib. Türkiyə Silahlı Qüvvələrinin 50 ildən artıqdır ki, adada sülh və sabitliyin təminatçısı olaraq qaldığı xatırladılıb.
“Kipr türklərinin təhlükəsizliyinə qarşı yönəlmiş istənilən düşmən hərəkətinə adekvat cavab verməyə tam qərarlıyıq”, - deyə Türkiyənin müdafiə qurumu vurğulayıb.