TÜRKİYƏ PREZİDENTİ İSLAM ÖLKƏLƏRİNİ REGİONAL PROBLEMLƏRİ BİRGƏ HƏLL ETMƏYƏ ÇAĞIRIR
O, həmin çağırışla iyunun 14-də İslam Konfransı Təşkilatının (İKT) 31-ci konfransında müraciət etmişdir.
Konfransda 57 islam ölkəsinin xarici siyasət idarələrinin başçıları və bir sıra beynəlxalq təşkilatların – BMT-nin, Ərəb Dövlətləri Birliyinin, Afrika İttifaqının, İKT Parlament İttifaqının nümayəndələri iştirak edirlər.
Türkiyə rəhbəri demişdir: “İKT beynəlxalq aləmdə böyük nüfuza malikdir, onun coğrafiyası Balkan yarımadasından Afrikayadək, Yaxın Şərqdən Mərkəzi və Cənubi Asiyayadək uzanır. Hər bir ölkənin xüsusiyyətləri nəzərə alınmaqla, bütün bu böyük regionda siyasi, iqtisadi və sosial islahatlar aparılmasına ehtiyac var”.
O, Fələstin xalqı ilə həmrəy olduğunu da bildirmişdir. Prezident bəyan etmişdir: “Fələstin torpaqlarının işğalı çoxlu insan tələfatına doğru aparır. Bu münaqişə son dərəcə təhlükəli olmuşdur və bütün regionun sabitliyinə və təhlükəsizliyinə qorxu yaradır. Problemin ləngidilmədən və səmərəli şəkildə həlli ancaq “yol xəritəsi” planının tezliklə həyata keçiriləcəyi halda mümkündür”.