Türkiyə rəsmiləri: dünya ictimaiyyəti Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan silsilə tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Kocaeli şəhər valisi Hüseyn Aksoy, Körfəz rayon icra hakimiyyətini başçısı Həsən Hüseyn Can və Körfəz bələdiyyəsinin sədri İsmayıl Baranla görüşüblər.
Kocaeli şəhər valisi Hüseyn Aksoy bildirib ki, Azərbaycanın 20 ildən artıqdır üzləşdiyi Dağlıq Qarabağ problemi qardaş Türkiyəni də narahat edir. O, Türkiyənin daim Azərbaycanın yanında olduqlarını deyərək Xocalı soyqırımından danışıb. Bildirib ki, Qərb ölkələri bu faciəyə biganə yanaşırlar. Beynəlxalq təşkilatlar ermənilərin törətdiyi bu soyqırımına düzgün hüquqi qiymət verməlidir.
Həsən Hüseyn Canla görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Xocalı soyqırımından bəhs ediblər. Həsən Hüseyn Can bildirib ki, Xocalı soyqırımı Türkiyənin də ağrı-acısıdır. O vurğulayıb ki, tarixən ermənilərin türk xalqlarına qarşı törətdikləri vəhşiliklər 1992-ci il fevralın 26-da Xocalı şəhərində təkrarlanıb.
İsmail Baranla görüşdə isə o qeyd edib ki, Azərbaycanı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Türkiyəni də narahat edir.
Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Xocalı soyqırımı heç zaman unudulmayacaq. Ermənilərin Xocalıda törətdikləri vəhşiliyin qətliam yox, soyqırımı olduğunu vurğulayan bələdiyyə sədri dünya ictimaiyyətini buna laqeyd qalmamağa çağırıb.