Türkiyə universitetlərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər davam edir
Ankara, 1 mart (AZƏRTAC). Türkiyə universitetlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər davam edir.
Sakarya Universitetində təşkil olunmuş konfransda Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, universitetin dosenti Selçuk Ural iyirmi il əvvəl Azərbaycanın Xocalı şəhərində dinc insanlara qarşı erməni ordusunun törətdiyi qətliamdan ətraflı bəhs etmişlər. Natiqlər vurğulamışlar ki, bu il dünyanın bir çox ölkəsində, xüsusilə Türkiyədə keçirilmiş konfranslar, yürüş-mitinqlər və anma mərasimləri yalan “soyqırımı” təbliğatı aparan ermənilərə layiqli cavab olmuşdur.
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Kocaeli Universitetində də “Ermənilərin son vəhşiliyi - Xocalı” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Heydər Əliyev Fondunun təqdim etdiyi “Xocalı qətliamı” sənədli filmi nümayiş etdirilmiş, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan Azərbaycanda və Anadolu torpaqlarında ermənilərin törətdikləri qətliamlardan ətraflı danışmışlar.
Konyadakı Mövlana Universitetində keçirilmiş konfransda Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Yusuf Halaçoğlu erməni yazıcısı David Xeyriyanın “Xaçın xatirinə” kitabından sitatlarla Ermənistan ordusunun Xocalıda törətdiyi vəhşilikləri anlatmışdır. Professor Halaçoğlu sənədlərin dili ilə erməni quldur dəstələrinin 1915-ci ildə Van şəhərində törətdiyi vəhşi qətliamdan da danışmışdır.
Bursadakı Uludağ Universitetində də Xocalı soyqırımına həsr olunmuş “Xocalı qətliamı XX ildönümündə” mövzusunda konfrans keçirilmişdir. Universitetin tarix kafedrasının müdiri Saimə Yücerin sədrliyi ilə keçirilmiş tədbirdə professor Göksel İşyar “Qarabağ məsələsində erməni fitnəkarlığı”, dosent Seyfəddin Buntürk “Qarabağ problemi və Xocalı qətliamı” mövzusunda məruzələr təqdim etmişlər.
Konfransın sonunda Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin təşkil etdiyi rəsm və fotosərginin açılışı olmuş, Xocalı qətliamı haqqında sənədli film nümayiş etdirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara