Türkiyədə ana müxalifət partiyası ikiyə bölünür: Özəldən yeni partiya qərarı
İstanbul, 24 iyul, AZƏRTAC
Türkiyənin Apellyasiya Məhkəməsinin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı aldığı “mütləq etibarsızlıq” (mutlak butlan) qərarından sonra ölkənin ana müxalifət partiyasında rəhbərlik məsələsi ilə bağlı mübahisələr yaranıb. Bunun fonunda ölkədə ana müxalifət partiyası ikiyə bölünüb və yeni siyasi partiyanın yaradılması prosesi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, CHP-nin sabiq sədri Özgür Özel bu gün 91 millət vəkili ilə birlikdə rəsmi şəkildə CHP-dən istefa edib. Bununla da CHP-nin Türkiyə Böyük Millət Məclisindəki mandat sayı 44-ə enib.
Özgür Özel yeni partiyasının yaradılması ilə bağlı təsis sənədini də imzalayıb. CHP-dən ayrılan 91 deputatın imzası ilə partiyanın qeydiyyatı üçün müraciət Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim olunacaq.
İddialara əsasən, yeni partiya üçün ilk seçim “Yeni Parti” (Yeni Partiya) adı olsa da, hüquqi maneə yaranacağı təqdirdə “Değişim Partisi” (Dəyişiklik Partiyası) daxil olmaqla alternativ adlar da nəzərdən keçirilir.
Özelin komandasının artıq partiyanın baş qərargahı üçün ilkin razılıq əldə etdiyi, ilk aylardakı xərclərin qanunvericiliyə uyğun şəkildə üzvlərin və tərəfdarların ianələri hesabına qarşılanmasının planlaşdırıldığı bildirilir.
CHP rəhbərliyi isə yeni partiyanın yaradılması təşəbbüsünü tənqid edib. Partiya sözçüsü Müslim Sarı bildirib ki, Özgür Özel və tərəfdarları CHP-nin siyasi xəttindən fərqli ideoloji mövqe ortaya qoya bilmirlər və bu səbəbdən yeni partiya yaratmaq cəhdini əsaslandırmaq çətindir. Onun sözlərinə görə, siyasi mübarizə partiya daxilində aparılmalı idi.