Türkiyədə Milli Elektrikli Qatar Dəstinin istehsalına başlanılıb
İstanbul, 7 dekabr, AZƏRTAC
Türkiyədə Milli Elektrikli Qatar Dəstinin istehsalına başlanılıb. Prototipləri 2020-ci ilin birinci yarısında təqdim olunan iki dəstin kütləvi istehsalına gələn il başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Türkiyə Dəmir yolu Sistemi Vasitələri Anonim Şirkəti (TÜRASAŞ) barədə məlumat verən nazir bildirib: “Şirkət dəmir yolu sektorunda 100 ildən artıq təcrübəyə malikdir və 4 minədək ixtisaslaşmış işçi qüvvəsi ilə Türkiyənin dəmir yolu sistemləri sektorunun ən böyük təmsilçisidir. Şirkət bu gün ölkənin Sakarya, Əskişəhər və Sivas vilayətləri olmaqla 3 bölgəsində fəaliyyət göstərir. TÜRASAŞ-ın 2021-ci ildə prototip istehsalına başlayacağı ən gözəl və zəruri layihələrdən biri də Milli Şəhərətrafı Qatar Dəstidir. İxrac üçün nəzərdə tutulan 11 dəmir yolu istismar maşınının istehsalı isə davam edir. Saatda 225 kilometr sürətlə hərəkət edəcək qatar layihəsi üzrə dizayn işləri 2021-ci ildə də davam etdiriləcək”.
Türkiyədən Çinə gedən ilk ixrac qatarının ölkənin Kayseri vilayətinə çatmaq üzrə olduğunu deyən nazir qatarın dekabrın 8-də ölkə ərazisindən çıxacaq 12 gün sonra Çinə çatacağını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul