Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq simpozium keçirilir
Ankara, 4 yanvar (AZƏRTAC). Türkiyənin Qars şəhərində Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq simpozium keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan və İrandan gəlmiş araşdırmaçı alimlər iştirak edirlər.
Bu il 98-ci dəfə keçirilən Sarıqamış şəhidlərini anma tədbirləri çərçivəsində çıxış edən Qars valisi Eyüp Tepe, bələdiyyə sədri Nevzat Bozkuş Qurtuluş savaşı zamanı çar Rusiyası ordusu və erməni quldur dəstələrinə qarşı döyüşən 90 min türk əsgərinin Allah-ü Əkbər dağında donaraq həlak olmasının türk millətinin qəlbində hər zaman qanayan bir yara olacağını vurğulamışlar.
Simpoziumun Təşkilat Komitəsinin sədri, professor Oktay Belli 1914-1915-ci ilin dekabr-yanvar aylarında türk ulusunun qorunması hərəkatı olan Sarıqamış dastanının faciə ilə yanaşı, gələcək nəsillərə örnək olacaq bir qəhrəmanlıq epopeyası olduğunu vurğulamışdır. Məhz bu qəhrəmanların rəşadəti nəticəsində Anadolunun şərq vilayətləri Türkiyə Respublikasının tərkibində qalmış, Qarsdan hərəkət edən Kazım Qarabəkir Paşanın komandanlığı ilə qoşun hissələri isə qardaş Azərbaycanın Naxçıvan torpağını da xilas etmişlər.
Azərbaycandan gəlmiş araşdırmaçı alim Cavid Qasımov, qazaxıstanlı Muratgeldi Söyegov və digər natiqlər Birinci Dünya müharibəsi zamanı Cənubi Qafqaz, Türküstan və Yaxın Şərqdə yaşanmış tarixi hadisələrdən bəhs etmişlər.
Simpozium iştirakçıları buzdan düzəldilmiş şəhid heykəllərinə də baxmışlar.
Türkiyə parlamentinin Qarsdan olan deputatları Əhməd Arslan da Türkiyə Böyük Millət Məclisində Sarıqamış şəhidlərinin xatirəsinə həsr etdiyi məruzə ilə çıxış etmişdir.
OqtayBayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara