Türkiyədə seriallara dövlət dəstəyində yeni mərhələnin başlandığı açıqlanıb
İstanbul, 28 avqust, AZƏRTAC
Bu gündən İstanbulda “Türkiyə brendinin qlobal təqdimatı: Türk serialları üzrə beynəlxalq media proqramı” işə başlayıb. Proqram çərçivəsində 18 ölkədən 37 media nümayəndəsi mövzu ilə bağlı seminarda iştirak edəcək, Türkiyənin serial sektoru ilə yaxından tanış olacaqlar.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən təşkil olunan proqramın açılış mərasimi keçirilib.
Təədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, ölkə seriallarına dünyanın müxtəlif bölgələrində təxminən 1 milyard insan baxır. Seriallar Asiyadan Avropaya, Yaxın Şərqdən Latın Amerikasına qədər 170-ə yaxın ölkədə yayımlanır.
Ersoyun sözlərinə görə, seriallar vasitəsilə Türkiyənin şəhərləri, mədəni irsi, mətbəxi, musiqisi və həyat tərzi beynəlxalq auditoriyaya tanıdılır. Bu maraq Türkiyəyə səyahət istəyinin artmasına da təsir göstərir.
Nazir bu seriallara dövlət dəstəyində yeni mərhələnin başladığını da açıqlayıb. Yeni sistemdə televiziya reytinqləri ilə yanaşı, rəqəmsal platformalardakı izlənmə göstəriciləri də nəzərə alınacaq. Ən azı 3 qitə və 10 ölkədə yayımlanan layihələrin beynəlxalq uğuru, eləcə də Türkiyənin tanıdılmasına və turizm bazarlarına töhfəsi qiymətləndiriləcək.
Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi mini-serial layihəsi çərçivəsində artıq 8 layihə yayımlanıb. Bunların ümumilikdə 9 milyard nümayiş və 5,5 milyard izlənmə topladığı bildirilib.
Mərasimdə danışan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran
isə ölkənin serial sektorunda ixracın həcminin 2000-ci illərin əvvəlindəki təxminən 10 milyon ABŞ dolları olduğu halda, hazırda bu göstəricinin 1 milyard dolları ötdüyünü deyib.
Qeyd olunub ki, növbəti mərhələdə rəqəmsal platformalar üçün orijinal məzmunlara, ortaq istehsallara, format ixracına və beynəlxalq əməkdaşlıqlara daha çox diqqət yetiriləcək.
Xatırladaq ki, proqram çərçivəsində jurnalistlər sektor nümayəndələri ilə görüşərək, müsahibələr və xüsusi məzmunlar hazırlamaq imkanı əldə edəcək, Türkiyə seriallarının istehsal prosesi, çəkiliş meydançaları və texniki infrastrukturu ilə tanış olacaqlar.
Tədbirin əsas məqsədi serialların Türkiyənin mədəni tanıtımına və qlobal brend dəyərinə verdiyi töhfəni beynəlxalq media vasitəsilə daha geniş auditoriyaya çatdırmaqdır.