Türkiyənin İğdır Universitetinin nümayəndələri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 15 fevral (AZƏRTAC). Türkiyənin İğdır Universitetinin nümayəndələri Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun prorektoru Eldar Aslanov institutun yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Bildirmişdir ki, bu ali təhsil ocağı Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalamışdır.
Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinin əhəmiyyətini qeyd edən E.Aslanov Şimali Kiprin Girne Amerika və Doğu Akdeniz universitetləri, Almaniyanın Oldenburq Tətbiqi Elmlər və Jade universitetləri ilə əməkdaşlığın faydalılığından danışmışdır.
Səmimi görüşə görə təşəkkürünü bildirən Şahin Əhmədoğlu İğdır Universitetinin 2008-ci ildən fəaliyyət göstərdiyini, 6 fakültə və ali təhsil ocağının nəzdindəki institutlarda 2800 tələbənin təhsil aldığını diqqətə çatdırmışdır. O, Ağrıdağ Araşdırma Mərkəzində aparılan tədqiqatların əhəmiyyətindən danışmış, İğdir Universitetində 2012/2013-cu tədris ilindən etibarən turizm fakültəsinin fəaliyyət göstərəcəyini bildirmişdir. Qonaq ATİ-nin bu sahədəki təcrübəsindən yararlanmağın faydalılığına inandığını vurğulamışdır.