Türkiyənin universitetlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı konfranslar davam etdirilmişdir
Ankara, 27 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi, Yıldırım Bəyazit Universiteti və Ankaranın Keçiörən bələdiyyəsinin birgə təşkil etdikləri simpoziumda Xocalı soyqırımının qurbanlarının xatirəsi anılmışdır.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvarın sədrlik etdiyi simpoziumda çıxış edən Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək vurğulamışdır ki, Xocalı qətliamını törədən ermənilərin və havadarlarının əsas məqsədi torpaqları işğal etmək, Türkiyə ilə Azərbaycanın, habelə bütün türk dünyasının əlaqələrinə əngəl yaratmaqdır.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov 20 il əvvəl baş vermiş bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının məsuliyyətlə yanaşı, mənəvi borc da olduğunu söyləmişdir. Gələcək nəsillər bu qətliam haqqında hər şeyi bilməli və başqalarına da anlatmalıdırlar. Unutmaq lazım deyildir ki, ermənilərin hədəfi türk torpağı olan Qarabağdan türk izlərini silməkdir.
Yıldırım Bəyazit Universitetinin rektoru Mətin Doğan çıxışında Xocalıda dinc insanların etnik mənsubiyyətinə görə qətlə yetirildiyini, qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin Xocalı soyqırımını da tanımaları vacibliyini söyləmişdir.
Simpoziumda millət vəkilləri Seyit Sertçelik, Əli Özgündüz, tarixçi alimlər çıxış edərək, ermənilərin Azərbaycan və Anadolu torpaqlarında törətdikləri qətliamlardan bəhs etmişlər.
Elazığ şəhərindəki Fırat Universiteti də Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı konfrans və rəsm-fotosərgi təşkil etmişdir.
Konfransda universitetin rektoru Feyzi Bingöl, dosent Məhmət Çevik, Konya Səlcuk Universitetinin professoru Məzahir Avşar, Bakı Dövlət Universitetinin müəllimi Yasəmən Qaraqoyunlu Xocalı soyqırımı və ermənilərin törətdikləri digər qətliamlardan bəhs etmiş, bu soyqırımının dünyada tanıdılmasında ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamışlar.
İsparta şəhərindəki Süleyman Dəmirəl Universitetinin tələbələri isə Xocalı qətliamını törədənlərə qarşı etiraz aksiyası keçirmişlər. Ermənistan və onun havadarlarının əleyhinə şüarlar səsləndirən tələbələr toplaşdıqları meydanda yerə uzanaraq etirazlarını ifadə etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara