UEFA Çempionlar Liqası: “Qarabağ” - “Lex” oyununda hesab bərabərləşib
Bakı, 12 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Lex” (Polşa) oyununda hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Polşa təmsilçisi 1-ci dəqiqədə hesabı açıb. “Lex”in futbolçusu Kristoffer Velde komandasını hesabda önə çıxarıb. Matçın 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib - 1:1.
Hazırda matçda birinci hissə oynanılır.
Matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.