Ukraynada akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilən anım mərasimi keçirilib
İrpen, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Azərbaycan diasporunun fəalları, gənclər və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzülüb, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır. İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat 2015-ci ildə kurort şəhərindəki 12 saylı orta məktəbə akademik Zərifə Əliyevanın adının verilməsini tarixi hadisə adlandırıb.
Tədbirdə İrpen şəhərinin merinin müavini Dmitri Xristyok, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenko və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs ediblər. Onlar Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyini vurğulayıblar. Qeyd edilib ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, dünya şöhrətli siyasi xadim, müdrik və dahi şəxsiyyət olan Heydər Əliyevin ömür-gün yoldaşı, İlham Əliyev kimi mütərəqqi bir dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə bir dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.
Sonra akademikin adını daşıyan 12 saylı orta məktəbin şagirdlərinin ifasında Zərifə Əliyeva haqqında şeirlər səsləndirilib.
Anım tədbirinin sonunda Azərbaycan və Ukrayna arasında dostluğun nümunəsi kimi səmaya hər iki ölkənin dövlət bayraqları rəngində şarlar buraxılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen