Ukraynada bəzi dövlət məmurları vəzifələrindən azad edilib
Kiyev, 24 yanvar, AZƏRTAC
Ukrayna hakimiyyətində bir sıra kadr dəyişiklikləri baş verib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiril Timoşenkonun Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bundan başqa, Ukraynanın müdafiə naziri Oleksey Reznikov Vyaçeslav Şapovalovun müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı müraciətini dəstəkləyib və müvafiq təkliflə Nazirlər Kabinetinə müraciət edib. Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Şapovalov ərzaq xidmətlərinin alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin sabit təchizatına təhlükə törətməmək üçün işdən çıxarılmasını xahiş edib.
Eyni zamanda, Aleksey Simonenko baş prokurorun müavini vəzifəsindən azad edilib. Bu barədə Baş Prokurorluğun teleqram səhifəsində məlumat yayılıb.
Mətbuatda yayılan məlumatlara görə, 2022-ci ilin sonunda İspaniyaya tətilə gedən Simonenko istefa verib.
Qeyd edək ki, Ukraynanın dövlət qulluqçularına və deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının bununla bağlı qərarı var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev