Ukraynadakı 300 yaşlı İsveç icması müharibə səbəbindən yoxolma təhlükəsi ilə üzləşib
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Qammalsvenskbü - XVIII əsrdə Ukraynaya köçürülmüş isveçlilərin nəsilləri tərəfindən Xerson vilayətində qurulmuş bir İsveç kəndidir.
AZƏRTAC xəbər verir ki, bu unikal icma üç əsrdən çox mövcud olub, lakin Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində bu kənddə həyat praktik olaraq dayanıb. “Svenskbyborna” təşkilatının sədri Sofiya Hoasın sözlərinə görə, kəndin əhalisi barmaqla sayılacaq dərəcədə azalıb, sakinlərin əksəriyyəti evlərini tərk etməyə məcbur olub.
Döyüşlər infrastruktura ciddi ziyan vurub və kənddə yaşamağı təhlükəli vəziyyətə salıb. Qammalsvenskbü müntəzəm olaraq atəşə tutulur, yollar və ətraf ərazi dağıdılıb və minalanıb ki, bu da sakinlərin geri qayıtmasına və normal həyatın bərpasına mane olur.
Müharibədən əvvəl kənddə təxminən 200 isveçəsilli sakin yaşayırdı. Bu, dünyada yeganə yer idi ki, XVIII əsrin xüsusi İsveç ləhcəsi, eləcə də unikal mədəni ənənələri qorunub saxlanılmışdı. İndi icmanın əksər hissəsi digər bölgələrə köçürülüb və burada insanlar davam edən döyüşlər səbəbindən təhlükələrlə üzləşirlər.
“Svenskbyborna” təşkilatı kənddən çıxmış 900 nəfərlə əlaqə saxlayır və onlara humanitar yardım göstərir - yanacaq briketləri, dərmanlar, generatorlar və digər zəruri əşyalar çatdırır. Kəndin görünüşünü və gələcək üçün mirasını sənədləşdirmək üçün mədəni və tarixi plan işlənib-hazırlanır.
Ağır vəziyyətə baxmayaraq, fəallar ümid edirlər ki, müharibə bitdikdən sonra icmanı bərpa etmək və ya heç olmasa onun tarixini və mədəni yaddaşını qoruyub saxlamaq mümkün olacaq.
Tarix
“İsveç kəndi”nin tarixi XIII–XIV əsrlərdəki Səlib müharibələrdən sonra başlayır. Həmin dövrdə yüzlərlə isveçli Estoniyanın Daqo (indiki Hiyumaa – red.) adasına köçüb.
1780-ci illərdə onlarla yerli torpaq sahibi Karl Maqnus Stenbok arasında münaqişə baş verib. II Yekaterina kəndliləri Ukraynadakı yeni torpaqlara sürgün etməklə mübahisəni həll edib. Onlar təxminən 1500 kilometr piyada getməyə məcbur olublar. Səyahət doqquz ay çəkib və köçkünlərin üçdəbiri həlak olub. Gəlib çatan 1000 nəfərdən yalnız 150-si iki il sonra sağ qalıb. Təxminən yüz il İsveçlə əlaqənin olmamasına baxmayaraq, sakinlər öz adət-ənənələrini, lüteran inancını və İsveç ləhcəsini qoruyub saxlayıblar.
XIX əsrin ikinci yarısında İsveçlə əlaqələr bərpa olunub, İsveç kilsəsi tikilib və sakinlər İsveç qəzetlərini almağa başlayıblar.
1917-ci il inqilabından sonra təxminən 900 köçkün İsveçə gedib. Daha sonra təxminən 250 nəfər SSRİ-yə qayıdaraq kolxoz qurub. Lakin Sovet İttifaqında həyat çətin olub - 1932-1933-cü illərdəki aclıq və repressiyalar çox insanın həyatına son qoyub.
SSRİ-nin süqutundan sonra İsveçlə əlaqələr bərpa edilib, kilsə və Qotland hakimiyyəti isə kəndə dəstək göstərib.
