SİYASƏT
Ukraynanın Axtırka şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Kiyev, 30 may, AZƏRTAC
Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Azərbaycanın 28 May - Müstəqillik Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğun dəstəyi qəhrəman şəhər Axtırka meydanında keçirilən bayram tədbirində Axtırka şəhərinin meri Pavel Kuzmenko, onun müavini Oksana Getman, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Axtırsk diyarşünaslıq muzeyinin direktoru Lyudmila Mişşenko, şəhər sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun nümayəndələri həlak olanların ailələrinə 100-dən çox ərzaq bağlaması və şəhər xəstəxanasına tibbi avadanlıqlar təqdim ediblər.
Tədbirdə çıxış edən fəxri konsul Əfqan Salmanov Müstəqillik Günü barədə ətraflı məlumat verib.
“Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə elan edilib, lakin tezliklə bolşeviklər tərəfindən işğal olunub. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və suverenliyini bərpa etdi. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası dünya siyasi arenasında mühüm oyunçuya çevrilib. İndi Ulu Öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Müasir Azərbaycan demokratik əsaslarla inkişaf edir, ənənəvi mədəniyyətinə hörmətlə yanaşır və yeniliklərə açıqdır. Azərbaycan xalqı bu gün bütün ukraynalıların dərdini ürəkdən bölüşür və müstəqil suveren Ukraynanın gələcəyinə inanır”, - deyə fəxri konsul Əfqan Salmanov əlavə edib.
Axtırka şəhər meri Pavel Kuzmenko və tarix-diyarşünaslıq muzeyinin direktoru Lyudmila Mişşenko da salamlama nitqi söyləyiblər. Onlar çətin anlarda ölkəmizin Ukraynaya göstərdiyi mühüm yardım və dəstəyə görə Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.
Fəxri konsul Azərbaycan və Ukrayna xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm şəxsi töhfələrinə görə Pavel Kuzmenkoya və Lyudmila Mişşenkoya diplomlar təqdim edib. Öz növbəsində Axtırka şəhərinin meri Pavel Kuzmenko Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova təşəkkür məktubu təqdim edib.
Tədbir bayram konserti ilə davam edib. Qonaqlar Azərbaycan və Ukrayna mətbəxinin təamlarını dadıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev