Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafında xidmətləri olan insanların əməyini daim yüksək qiymətləndirib
Xırdalan, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfransın iştirakçıları əvvəlcə foyedə Ulu Öndərin büstünü ziyarət edərək, önünə gül dəstəsi düzüblər.
AZƏRTAC xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin konfrans zalında keçirilən tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi İlham Manafov deyib: “Ulu öndər Heydər Əliyev mədəniyyətimizin bütün sahələrinə öz qayğısını əsirgəməyib. Görkəmli dövlət xadimi mədəniyyətimizin inkişafında xidmətləri olan insanların əməyini də daim yüksək qiymətləndirib. Heydər Əliyev zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Daha sonra Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev, Abşeron rayon Mərkəzi Kitabxanasının direktoru Məlahət Yusifqızı, Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar Müəllim İkram Manafov və digərləri məruzə ilə çıxış edib, Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli mübarizə yolundan danışıblar.
Konfrans Ulu Öndərin mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.