Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Misirdə silsilə tədbirlərlə qeyd edilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə bu ölkədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubileyi günü Misirin Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında tədbir keçirilib.
Ulu Öndərin heykəli önündə keçirilən tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, Misir parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri, parlamentin Dini məsələlər komitəsinin sədri Əli Cuma, Misir xarici işlər nazirinin müavini Səlahəddin Əbdül Sadiq, Misir Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri Həni Sarı Əl-Din, həmçinin Türkiyə, Qazaxıstan, Tacikistan, Ukraynanın Misirdəki səfirləri, “Vətənpərvər” - Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin üzvləri, azərbaycanlı iş adamları, tələbələr, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, onun xatirəsini yad ediblər.
Sonra Misir-Azərbaycan Dostluq parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan səfir Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin Misirlə əlaqələrin qurulmasında müstəsna xidmətlərini diqqətə çatdırıb, dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini bildirib. O, Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı və banisi olduğunu, eyni zamanda, xalqımızın xilaskarı missiyasını öz üzərinə götürdüyünü vurğulayıb. Səfir, həmçinin Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin Misir və digər ərəb ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirdiyini bildirib, bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfərini münasibətlərin möhkəmlənməsində mühüm addım adlandırıb.
Mərasimdə çıxış edən Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən dahi siyasətçi Heydər Əliyevin yubileyinin Misirdə və digər ərəb ölkələrində geniş şəkildə qeyd olunduğunu qeyd edib, onun rəhbərlik etdiyi vilayətdə Azərbaycan xalqının Ümummilli Liderinin abidəsinin ucalmasından qürur duyduğunu söyləyib. O əlavə edib ki, Qalyubiyyə ilə Azərbaycanın Abşeron rayonu arasında qardaşlıq əlaqələri uğurla davam edir.
Misir parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri, parlamentin Dini məsələlər komitəsinin sədri Əli Cuma Misir-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi vəziyyətdə olan və parçalanma təhlükəsi ilə qarşılaşan Azərbaycan dahi siyasətçi Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddətdə inkişaf edən, qüdrətli dövlətə - Cənubi Qafqaz regionunun liderinə çevrilib. Əli Cuma qeyd edib ki, Azərbaycanın müstəqilliyi dövründə 700-ə yaxın azərbaycanlı tələbə Misirdə böyük uğurlar qazanıb, onların əksəriyyəti yüksəkixtisaslı mütəxəssis və alim olub.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Misirin nüfuzlu KİV-lərində geniş məqalələr də dərc olunub.