Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir







Füzuli, 20 may, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı konfrans keçirilib. Konfrans Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, rayon ziyalıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər. Daha sonra Vətən müharibəsi şəhidi Cəfərli Əli İsa oğlunun anası Sevinc Əhmədova, Vətən müharibəsi qazisi Anar Azadov çıxış ediblər. Konfransda iştirak edən, Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş Füzuli ziyalılarından Ülkər Hüseynova və Vidadi Əliyev mövzu ətrafında çıxış etməklə yanaşı, Ümummilli Liderlə görüşlərindən yaddaqalan, xoş xatirələrini iştirakçılarla bölüşüblər.