Ulu öndər Heydər Əliyevin xatirəsi Serbiyada anılıb
Belqrad, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, səfirliyin əməkdaşları, Belqradda fəaliyyət göstərən “AzVirt” şirkətinin və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbir iştirakçıları həmin parkda görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyublar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad