Umud Mirzəyev: Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyətdir
Bakı, 12 dekabr, AZƏRTAC
Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin bu günündə Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. Ulu Öndər deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Məhz Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdırdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hür olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
U.Mirzəyev qeyd edib ki, Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. Ulu Öndər fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasi xadim kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatına layiq görüldü. Onun layiq görüldüyü mükafatları sadalamaqla bitməz.
Təkcə Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün Ulu Öndər, sadəcə, fiziki olaraq dünyada yoxdur. Müstəqil Azərbaycanın adıçəkilən bütün beynəlxalq tədbirlərdə ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi.
Heydər Əliyev haqqında dahi siyasətçi, Ümummilli Lider, uzun illər sovetlər birliyinin rəhbərlərindən biri olmuş şəxs, mədəniyyət və ədəbiyyat adamı, nümunəvi vətəndaş, qayğıkeş ata kimi günlərlə danışmaq olar. Bunların hər birində şəxsiyyət olaraq bir bütövlük vardı. Heç birində zərrə qədər də olsun qüsur yox idi, onun addımları, mövqeyi daim qətiyyətli idi.
Ulu öndər Prezident İlham Əliyev haqqında Azərbaycan xalqına tarixi müraciətində “Mən ona özüm qədər inanıram” dedi. Məhz buna, onun sözünə güvəndiyim, inandığım, etibar etdiyim üçün işğal altında qalan torpaqlarımızın geri qayıdacağına hər zaman birmənalı şəkildə inanırdım. 44 günlük müharibədə qazanılan Qələbədən sonra Prezident İlham Əliyev ilk olaraq Ulu Öndərin məzarı önündə hesabat verdi. Hamımız, damarında azərbaycanlı qanı axan hər kəs bunu qürurla izlədi. Mən özüm də məhz o an bir daha fəxr etdim. Fəxr etdim ki, mən azərbaycanlıyam.
“İki il sonra Heydər Əliyevin anadan olmasının yüz illiyini qeyd edəcəyik. Ulu Öndər arzu və xəyallarında həmişə Qarabağın gülüstana çevriləcəyini, bir zaman o torpaqlara qayıdacağımızı deyirdi. Ümummilli Liderin yüzillik yubileyinədək hər birimizin o Böyük Qayıdışın şahidi olacağımıza əminəm. Şükürlər olsun ki, Azərbaycan xalqı Ulu Öndərin yüzillik yubileyinə əliboş getməyəcək. Axı, bizim də ona bir vicdan borcumuz var idi...”, - deyə BAMF-in prezidenti fikirlərini yekunlaşdırıb.