REGİONLAR
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Göygöl rayonunda təntənəli şəkildə qeyd olunub
Göygöl, 11 may, Elcan Məmmədov, AZƏRTAC
Mayın 10-da Göygöl rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.
AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Həmçinin Göygöl rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.
Bildirilib ki, azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla, ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Sonda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı-100” filmi təqdim edilib.