HEYDƏR ƏLİYEV - 1
Ümummilli Liderin əziz xatirəsi Latviyada da anılıb
![](/files/galleryphoto/2022/3/1200x630/16708593762201331843_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1670859376120812272_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Respublikasının Latviyadakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə səfirliyin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfiri Elnur Sultanov çıxış edərək müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan və Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. O, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin qurulması və inkişaf etdirilməsi istiqamətində müdrik siyasətindən bəhs edib: “Heydər Əliyev Azərbaycanın bütün sahələrdə tərəqqisi yolunda böyük uzaqgörənlik və fədakarlıq nümayiş etdirib. Ulu Öndərin Azərbaycan xalqı üçün qoyduğu ən böyük miras müstəqil və müasir Azərbaycan dövləti və hər birimizin qəlbində qürurla daşıdığı onun azərbaycançılıq məfkurəsidir”.
E.Sultanov vurğulayıb ki, Heydər Əliyevin yaradıcısı olduğu qüdrətli Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Məhz Heydər Əliyevin milli inkişaf strategiyası əsasında inamla güclənən Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib, ərazi bütövlüyü bərpa olunub və tarixi Zəfər qazanılıb. O, Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib.
Daha sonra Ulu Öndərin mənalı ömür yolu və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.