QAN YADDAŞI
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı birgə konfrans keçirib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, İstanbul Sabahattin Zaim Universitetində təşkil edilən konfransın iştirakçıları öncə soyqırımı əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in Gənc Müəllimlər Şurasının idarə heyətinin sədri Səbuhi Tanrıverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edib.
Şuranın üzvü Yalçın Köçərli isə “Xocalı soyqırımı: hadisələrin xronologiyası” mövzusunda çıxış edib. O, Xocalıda baş verənlərin soyqırımı olduğunu tarixi faktlar və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb.
UNEC-in Gənc Müəllimlər Şurasının digər üzvü Söhrab İsayev Azərbaycanın Ermənistanla müharibədə iqtisadi itkilərindən söz açıb.
Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası barədə ətraflı məlumat verilib. Bu qanlı cinayətə beynəlxalq birliyin biganə qaldığını vurğulayan UNEC-in gənc müəllimləri Türkiyənin hər zaman olduğu kimi, Xocalı soyqırımı günlərində də Azərbaycanın yanında olduğunu bildiriblər.
İstanbul Sabahattin Zaim Universitetinin işlətmə fakültəsinin dekanı, İbrahim Güran Yumuşak qətliamın təkcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı yönəldiyini qeyd edib.
Konfransda iştirak edən İstanbul Sabahattin Zaim Universitetinin müəllim və tələbələri 26 il əvvəl Xocalıda hücuma məruz qalan Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirərək bu soyqırımını insanlığa qarşı törədilmiş ağır cinayət adlandırıblar