UNESCO-nun Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə yeni obyektlər əlavə olunacaqdır
Bakı, 24 may (AZƏRTAC). Mayın 27-dən 30-dək UNESCO-nun mənzil-qərargahında “İnsan və biosfer” (MAB) proqramı Beynəlxalq Əlaqələndirmə Şurasının növbəti sessiyası keçiriləcəkdir.
Sessiyada bir sıra ölkələrin yeni biosfer qoruqlarının UNESCO-nun Dünya Şəbəkəsinə daxil edilməsi ilə bağlı təkliflərinə baxılacaqdır.
Onların sırasında Alakol qoruğunun bu nüfuzlu siyahıya daxil edilməsi ilə bağlı Qazaxıstanın xahişi vardır. Bu qoruq Tentek çayının deltasının təbii mühitini və qağayı, dovdaq, bəzəkli və çəhrayı qutanın nəsli kəsilməkdə olan növlərinin unikal populyasiyasını qoruyub saxlamaq üçün 20,7 min hektar ərazidə yaradılmışdır. Qoruqda ümumilikdə 269-dan çox quş növü yaşayır. Köçəri quşların yolu qoruğun üzərindən keçir.
Biosfer qoruqları bioloji müxtəlifliyin öyrənilməsi üçün canlı laboratoriyalar və təbii resursların kompleks idarə olunmasına müxtəlif yanaşmalar üçün meydan hesab edilir. Bu qoruqlar çox vaxt davamlı inkişaf nümunələri kimi gözdən keçirilir.
UNESCO-nun “İnsan və biosfer” proqramı 1970-ci ildə ətraf mühitin qorunması məqsədi ilə təsis edilmişdir. Proqramın Beynəlxalq Əlaqələndirmə Şurasının tərkibinə UNESCO-ya üzv olan 34 dövlətin nümayəndələri daxildirlər.
Hazırda 117 ölkədəki 610 obyekt artıq Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilmişdir. Şəbəkə sahilboyu zonalar və adalardan tutmuş dağlıq rayonlar, bataqlıq yerlər, tropik meşələr və quraqlıq zonalaradək çox müxtəlif ekosistemləri əhatə edir.
Beynəlxalq Əlaqələndirmə Şurası builki iclasında Çin, Ekvador, Fransa, Hindistan, İtaliya, Yamayka, Qazaxıstan, Pakistan, Koreya Respublikası, İspaniya və Uruqvay tərəfindən irəli sürülmüş yeni namizədləri gözdən keçirəcəkdir.