UNİBANK İLİN BİRİNCİ YARISINA YEKUN VURUR
İkinci rübün yekunlarına görə, bankın aktivləri 149,4 milyard manat olmuşdur ki, bu da ilin əvvəli ilə müqayisədə 33 faiz çoxdur.
İlin birinci yarısında cəlb olunmuş depozitlərin ümumi həcmi təxminən 2 dəfə artaraq, 43 milyard manata çatmışdır. Bunun 35 milyard manatı fiziki şəxslərin, 8 milyard manatı hüquqi şəxslərin payına düşür.
İkinci rübdə bankın kredit portfeli 21 faiz artaraq, 104 milyard manat olmuşdur. Bu, ilin əvvəlindəkindən 41 faiz çoxdur. Kredit portfelinin ümumi həcmində biznes kreditləri 72 milyard manat, istehlak kreditləri 32 milyard manat olmuşdur.
Cari ilin altı ayında bankın gəlirləri 12,8 milyard manat, xərcləri 9,1 milyard manat olmuş, mənfəət 3,7 milyard manat təşkil etmişdir.
UniBank “Azərbaycanın fond bazarının inkişafı”na dair TASİS proqramı çərçivəsində Bakı Fond Birjası vasitəsilə korporativ istiqrazların ölkəmizdə ilk dəfə olaraq emissiyasına və uğurla yerləşdirilməsinə başlamışdır. Bank sonradan birjada yerləşdirilməklə, ümumən, 15 milyard manat məbləğində istiqrazların iki buraxılışını həyata keçirmişdir. Həmin qiymətli kağızların satışı üzrə hərraclar Bakı Fond Birjası tarixində ən iri əqd olmuşdur.
UNİLEASİNG törəmə lizinq şirkətinin yaradılması bankın fəaliyyət sahəsinin daha da genişləndirilməsi yolunda mühüm addım olmuşdur ki, bu da, bankın rəhbərliyinin fikrincə, Azərbaycanda maliyyə lizinqinin səmərəli inkişafı üçün şərait yaradılmasında əhəmiyyətli rol oynayacaqdır.
2004-cü ilin aprelində Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının illik yığıncağında UniBank “2003-cü ildə AYİB–in Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramı üzrə ən fəal inkişaf edən bank” nominasiyasında mükafata layiq görülmüşdür.
Kiçik və orta biznesin inkişafına yardım üçün UniBanka 1,7 milyon dollar məbləğində maliyyə xətti ayrılması haqqında İslam Özəl Sektorun İnkişaf Korporasiyası ilə saziş əldə edilməsi bankın beynəlxalq maliyyə təsisatları ilə münasibətlərinin inkişafında növbəti uğurlu mərhələ olmuşdur. Həmin saziş nəticəsində əməkdaşlığın şərtləri haqqında memorandum imzalanmışdır.
İyunun 28-29-da UniBank Azərbaycandan yeganə bank olaraq, “Mərkəzi və Şərqi Avropa ölkələrində kiçik və orta sahibkarlıq sahəsində ixrac və sərmayə” mövzusunda Almaniyada keçirilən konqresdə iştirak etmişdir.