Universitetdə tədbir - “Əsrin soyqırımı: Xocalı”
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində “Əsrin soyqırımı: Xocalı” mövzusunda “dəyirmi masa” təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru İranə Əliyeva bu amansız və qəddar soyqırımının insanlıq tarixinə ən qorxulu, kütləvi terror aktı kimi daxil olduğunu deyib. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və rus hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfər amansız şəkildə həlak olub. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb.
Vurğulanıb ki, dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Təsadüfi deyil ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində hər il müxtəlif tədbirlər keçirilir və onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
ATMU-nun dosentləri Nəsrullah Nəsirli və Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlıq adına ləkə vuran erməni millətçilərinin xalqımıza qarşı XX yüzillikdə apardıqları yeganə etnik təmizləmə və soyqırımı siyasəti olmadığını bildiriblər.