Uşaqlar üçün növbəti “ekoloji laboratoriya” təşkil olunub
Bakı, 17 may, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün ekoloji laboratoriya”nın may təlimi “Yaşıl enerji” mövzusuna həsr olunub. Təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılıb, həmçinin balacalara elektrik təhlükəsizliyi tədbirləri izah edilib. Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində, o cümlədən müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prosesində iştirak ediblər. “Laboratoriya”nın iştirakçıları təlimçilərin köməyi ilə öz elektrik dövrələrini də yaradıblar.
May laboratoriyası uşaqlara elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verib.
Təlimlər IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunur. “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.