ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
Bəstəkarlar İttifaqında gerçəkləşən tədbiri Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli açaraq, Üzeyir Hacıbəyov irsinin daha ətraflı öyrənilməsində konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dahi sənətkarın yubiley tədbirləri sentyabrın 30-dan başlayaraq Avstriyanın paytaxtı Vyanada davam etdiriləcəkdir.
Üç gün davam edəcək konfransın ilk günündə Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlovun “Dahi bəstəkar, görkəmli alim Üzeyir Hacıbəyov”, Beynəlxalq Musiqi Akademiyasının elmi yaradıcılıq və tədqiqat işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “Üzeyir Hacıbəyov yaradıcılığına yeni baxış”, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Zemfira Səfərovanın “Səfiəddin Urməvinin “Kitab-əl ədvar” risaləsi ilə Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” əsərlərinin müqayisəli təhlili” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə vurğulanmışdır ki, çoxşaxəli yaradıcılığa malik Ü.Hacıbəyov həm dahi bəstəkar, həm də görkəmli dramaturq və publisist olmuşdur.
Tədbirdə böyük bəstəkarın şəxsi arxivinin aşkarlanması, onun öyrənilməsi ilə əlaqədar yaradılmış ekspert qrupunun apardığı işin nəticələrindən də danışılmışdır. Vurğulanmışdır ki, bu sənədlər Üzeyir Hacıbəyovun tam külliyyatının hazırlanmasında böyük rol oynayacaqdır. Onların arasında indiyədək tədqiqatdan kənarda qalmış əlyazmalar da vardır.
Müxtəlif mövzularda 10-na yaxın məruzənin dinlənildiyi konfransın birinci gününün sonunda iştirakçılara Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim, tələbə və şagirdlərinin ifasında konsert proqramı göstərilmişdir.
Konfrans işini mayın 24-də davam etdirəcəkdir.