Vasil Mazitov: Şəhərlərin və ərazilərin kapitallaşması investisiya cəlbi baxımından mühüm əhəmiyyət daşıyır
Bakı, 18 may, AZƏRTAC
Müasir dövrdə sürətlə inkişaf edən şəhərlərin əsas çağırışları sırasında ekologiya, nəqliyyat, logistika və investisiya cəlbi məsələləri xüsusi yer tutur.
Bu fikirləri Beynəlxalq Ərazilərin İnkişafı Assosiasiyasının sədri Vasil Mazitov AZƏRTAC-a müsahibəsində səsləndirib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə birgə şəhərsalma və ərazi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunur. “Burada ekologiya, nəqliyyat və logistika ilə bağlı çoxsaylı problemlər müzakirə edilir. Biz isə əsasən ərazilərin kapitallaşdırılması məsələsinə diqqət yetiririk. İnvestorların hər hansı ölkəyə və ya şəhərə sərmayə yatırarkən həmin ərazinin real iqtisadi dəyərini bilməsi vacibdir”, – deyə Vasili Mazitov vurğulayıb.
Onun sözlərinə görə, ərazilərin kapitallaşma potensialının düzgün qiymətləndirilməsi gələcək investisiya imkanlarının proqnozlaşdırılması baxımından mühüm rol oynayır.
“İnvestorlar yatırılan sərmayədən sonra həmin ərazinin gələcəkdə nə qədər inkişaf edəcəyini və dəyərinin necə artacağını əvvəlcədən görmək istəyirlər”, - deyə Vasil Mazitov bildirib.
O bildirib ki, mayın 21-də keçiriləcək xüsusi sessiyada Tacikistan, Qırğızıstan, Belarus və Türkiyədən olan mütəxəssislərlə birlikdə bu məsələlər ətrafında geniş təqdimatlar keçiriləcək.
Ümumdünya Şəhərsalma Forumunun Sessiyasının Azərbaycanda təşkilini yüksək qiymətləndirən Assosiasiya sədri əlavə edib: “Burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edirlər. Azərbaycanda olmaq çox xoşdur və tədbirin təşkilatçılığı yüksək səviyyədədir”.