Vasili Çikobidze: Azərbaycanın işğal altındakı torpaqları geri qaytarılmalıdır
Tbilisi, 7 aprel, AZƏRTAC
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin yenidən gərginləşməsi, atəşkəsin pozulması və insanların həlak olması bizi çox təsirləndirir və narahat edir. Biz bilirik ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. İndi bu torpaqlar işğal altındadır və Azərbaycanın ərazi bütövlüyü pozulub. Bizim də ərazilərimiz işğal olunub və müharibənin ağrı-acısını yaxşı bilirik. Ona görə də deyirik ki, işğal olunmuş ərazilər geri qayıtmalıdır. Qoşunların təmas xəttində baş verənlərə görə, Azərbaycan günahkar deyil.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Ozurqeti Dövlət Dram teatrının bədii rəhbəri Vasili Çikobidze deyib.
O, Gürcüstanın mədəniyyət işçilərinin də baş verən hadisələrdən, əsgərlərin, dinc əhalinin öldürülməsindən, günahsız qanlar axıdılmasından ciddi narahat olduqlarını bildirərək deyib: “Biz burada rus və ya başqa xalqı günahkar bilmirik. Siyasətçilər düşünməlidirlər ki, niyə başqasının torpağına göz dikirlər”.
“Biz bu münaqişənin, eləcə də Gürcüstanın cəlb olunduğu problemin sülh yolu ilə həllinə tərəfdarıq. Amma işğala da son qoyulmalıdır. Azərbaycan Prezidentinin də dediyi kimi, biz öz torpaqlarımızı azad etməliyik. Azərbaycanın dövlət başçısı İlham Əliyev praqmatik siyasətçidir və onun son bəyanatı bizim tərəfimizdən yüksək qiymətləndirilir”, - deyə V.Çikobidze vurğulayıb.
V.Çikobidze yaxın vaxtlarda Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi